Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
03.05.2024 18:03
Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilibVI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 3-də Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib. Əvvəlcə qonaqlar 30 illik işğal zamanı Ermənistan ordusunun rayon ərazisində basdırdığı minaların, kustar üsulla hazırlanmış partlayıcı qurğuların və partlamamış hərbi sursatların sərgisi ilə tanış olublar. Minatəmizləmə əməliyyatı haqqında qısa film nümayiş etdirilib. Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayevin moderatorluğu ilə keçən sessiyada Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev açılış nitqi ilə çıxış edib. Bildirib ki, Azərbaycan xalqı 30 il öncə öz doğma yurdundan didərgin düşüb: “İşğaldan azad edilmiş ərazilərimizə daxil olanda bunu hər kəs görür. Bu gün işğaldan azad olunmuş ərazilərimizin hər yerində olduğu kimi, Ağdam, Füzuli və Xocavənd rayonlarında da bərpa-quruculuq işləri yüksək səviyyədə davam etməkdədir. Bu ilin sonuna qədər Ağdamın Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinə sakinlərin köçü başlayacaq. “Böyük Qayıdış” Dövlət Proqramının birinci mərhələsi üzrə, yəni 2026-cı ilin sonunadək Ağdamda 12 kənd və Ağdam şəhərində 5 yaşayış kompleksi inşa olunacaq“. Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov qeyd edib ki, Ağdam Azərbaycanın ən çox əhalisi olan şəhərlərindən biri olub: “Ağdam yüzlərlə mədəni abidəyə ev sahiblik edib. Təəssüflər olsun ki, hazırda həmin abidələri görə bilmirik. Otuzillik işğal ərzində Ağdamın zəngin mədəni-tarixi irsi dağıdılıb, məhv edilib, eləcə də Ermənistanın müxtəlif yerlərinə daşınıb. Əminəm ki, yaxın gələcəkdə Ağdam çiçəklənəcək, öz əzəmətini yenidən bərpa edəcək“. İşğal müddətində düşmən tərəfindən torpaqlarımıza yerləşdirilən minalardan danışan nazir müavini bildirib ki, Ağdam dünyanın ən çox minalanmış ərazilərindən biridir: “2020-ci ilin Vətən müharibəsindən sonra 60-dan çox insan mina partlayışı nəticəsində həlak olub, 300-dən çox şəxs yaralanıb. Hazırda minaların təmizlənməsi ilə bağlı işlər davam edir. Bu prosesdə ANAMA təşkilatının gördüyü işlər təqdirəlayiqdir“. ICESCO-nun İslam Dünyası İrs Mərkəzinin direktoru Vebber Ndoro ölkəsi Zimbabvenin minaların təmizlənməsi sahəsində təcrübələrini bölüşüb. UNESCO üzrə Malta Milli Komissiyasının sədri, mədəni irs üzrə ekspert Raymond Bondin minaların qeyri-maddi mədəni irs nümunələrinə vurduğu ziyandan danışıb. BMT-nin İnkişaf Proqramının (BMTİP) mütəxəssisi Qadeem Tariq sessiyanın əhəmiyyətini qeyd edib. Söyləyib ki, bu günə qədər Azərbaycan mina təhlükəsi, onun təsirləri ilə bağlı bir çox konfrans keçirib: “Biz ümid edirik ki, bu gün təşkil edilən sessiya beynəlxalq ictimaiyyətin maariflənməsinə müsbət təsir göstərəcək”. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Beynəlxalq əlaqələr, maarifləndirmə və mətbuatla iş idarəsinin rəisi Ramil Əzizov düşmənin Qarabağa yerləşdirdiyi minalar haqqında məlumat verib: “Biz mədəni irsin dağıdılması zaman vandalizm terminindən istifadə edirik. Sizin Ağdama gələrək bu olanları öz gözlərinizlə görməniz çox vacibdir. Araşdırmalara görə, təkcə Ağdamda 1,5 milyondan çox minanın quraşdırıldığı təxmin edilir. Onlarla tarixi irs nümunəmiz minalanıb. Düşmən hətta qəbiristanlıqlara belə minalar yerləşdirib. Öz yaxınlarının məzarlarını ziyarət edən insanlar həmin minalara düşüblər“. Sessiyadan sonra qonaqlar üçün Ağdam şəhərinə ekskursiya təşkil edilib. Onlar şəhərdə otuz ilə yaxın davam etmiş işğal dövrünün dağıdıcı nəticələrini öz gözləri ilə görüb, Ağdamda aparılan bərpa-quruculuq işləri barədə məlumat alıblar. Ekskursiya zamanı qonaqlar Ağdam Dövlət Dram Teatrının qalıqlarına baxıblar. Daha sonra İmarət kompleksində görülən işlərlə tanışlıq olub, Ağdam Cümə məscidi ziyarət edilib. ..
03.05.2024 18:01
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb1-3 may tarixlərində ölkəmizdə keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bir sıra yüksək səviyyəli qonaqları ilə ikitərəfli görüşlər təşkil olunur, əməkdaşlıq əlaqələri müzakirə edilir. Mədəniyyət naziri Adil Kərimli mayın 3-də İtaliya Respublikası Deputatlar Palatasının vitse-prezidenti Corcio Mulenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Foruma qatıldıqlarına görə nümayəndə heyətinə təşəkkürünü bildirən nazir Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” və bu qlobal platforma çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verib. Deyib ki, builki Forumun da zəngin proqramı var və bəşəriyyəti narahat edən məsələlər ətrafında faydalı müzakirələr aparılıb. Qeyd olunub ki, Azərbaycan dövləti İtaliya ilə əməkdaşlığa önəm verir. Təsadüfi deyil ki, 2014-cü ildə “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə imzalanıb. İki ölkə arasında mədəni əməkdaşlıq da inkişaf edir. Xüsusilə, tarixi-mədəni irsin qorunması, memarlıq və dizayn kimi sahələrdə əlaqələr ildən-ilə möhkəmlənir. Azərbaycan tərəfi İtaliya ilə kino sahəsində əməkdaşlıqda da maraqlıdır. Görüşə görə təşəkkür edən İtaliya Deputatlar Palatasının vitse-prezidenti Corcio Mulen Forumda iştirakından məmnunluğunu bildirib. Azərbaycanın İtaliya üçün vacib tərəfdaş olduğunu deyən qonaq ölkələrimiz arasında əməkdaşlığın geniş sahələri əhatə etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, iki ölkə arasında ali təhsil sahəsində də yaxşı əlaqələr qurulub. ADA Universitetində İtaliya-Azərbaycan Universiteti layihəsi bunun parlaq təzahürüdür. Həmçinin bildirilib ki, İtaliyanın tərəfdaş ali təhsil ocaqlarının professorları ADA Universitetində mütəmadi mühazirələr oxuyurlar. Söhbət zamanı iki ölkə teatrlarının qarşılıqlı qastrol səfərlərinin təşkili və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. ..
03.05.2024 17:58
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Əbədi məşəl” adlı konsert keçirilib.VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də Heydər Əliyev Sarayında “Əbədi məşəl” adlı konsert keçirilib. Konsertdə ifaçılar əvvəlcə dahi bəstəkar Qara Qarayevin “Yeddi gözəl“ baletindən Vals və Adogionu səsləndiriblər. Sonra Əməkdar artist Fərqanə Qasımova Vüqar Camalzadənin Məhəmməd Füzulinin qəzəlinə həsr etdiyi “Eşitməzdim” əsərini ifa edib. Konsertdə Xalq artistləri Teyyub Aslanov, Yusif Eyvazov, Elçin Həşimov, Əməkdar artistlər Əliağa Sədiyev, Toğrul Əsədullayev, Şirzad Fətəliyev, Kamran Kərimov, Afaq Abbasovanın möhtəşəm ifaları Forumun qonaqlarını valeh edib. Milli musiqi aləti tarın ecazkar səsinin müşayiəti ilə təqdim olunan rəqslərin ahəngi maraqlı kompozisiya yaradıb. Tədbirdə, həmçinin Fikrət Əmirovun “Gülüstan Bayatı-Şiraz“ simfonik muğamından fraqment, “1001 gecə“ baletindən Şəhriyar və Şəhrizadın dueti, Üzeyir Hacıbəylinin “Koroğlu“ operasından qızların rəqsi, “İldırımlı yollarla“ baletindən “Ümumi rəqs“, Firəngiz Əlizadənin “İntizar“ operasından final səhnəsi təqdim olunub. Konsert proqramı tamaşaçıların zövqünü oxşayıb. ..
03.05.2024 17:55
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilibMayın 2-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib. Koventri Universitetinin İnam, Sülh və Sosial Münasibətlər Mərkəzinin təsisçi direktoru, professor Mayk Hardinin moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Prezident İlham Əliyevin mühüm fikirlərini əks etdirdiyi çıxışına və mədəniyyətlərarası dialoqa göstərdiyi xüsusi dəstəyə görə minnətdarlığını bildirib. “Biz Forum çərçivəsində keçirilən tədbirlərdə daha inklüziv dünya və sülh yaratmaq üçün ən önəmli mövzuları müzakirə etdik. Bunlardan mədəniyyət və irs, təhsil, və texnologiya, din, miqrasiya, gənclərin proseslərə cəlb olunmaları və turizmin mədəniyyətlərarası dialoqa təsirini nümunə göstərə bilərik”, - deyə nazir qeyd edib. Forumda COP29-la bağlı önəmli mesajların çatdırıldığını bildirən A.Kərimli deyib: “Bizim əsas məqsədimiz mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həllində önəmli yer tutmasıdır. Daha güclü və dayanıqlı gələcək üçün dəyişikliklər etməliyik“. ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bildirib ki, Forumda iştirak edənlər bu sahədə maraqlı olduqlarını bir daha göstəriblər. “Forum işini bitirdi və biz hamımız özümüzdə məsuliyyət hiss edirik. Ona görə ki, biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik. Elm, təhsil və mədəniyyət sahələrində apardığımız fəaliyyət mühüm əhəmiyyətə malikdir. Əməkdaşlıq dəyərlərinə sadiq olmağa çalışırıq”. Ümumdünya Turizm Təşkilatının İcraçı direktoru Zoritsa Uroşeviç deyib ki, turizm bütün sahələr üzrə ən vacibidir. “Biz prioritetləri müəyyən etməkdə maraqlı olmalıyıq. Turizm sahəsində müqavilənin bağlanılması və həyata keçirilməsi ilə bağlı düşüncələrimiz var”, - deyə o əlavə edib. İcraçı direktor, həmçinin qeyd edib ki, gəncləri dinlənilməli, onların fikir və düşüncələrinə önəm verilməlidir. Gələcək gəncləri dinləmədən reallaşa bilməz. Çünki gənclər bizim gələcəyimizdir. BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) direktoru xanım Nihal Saad Forumda iki gün ərzində maraqlı müzakirələrin aparıldığını diqqətə çatdırıb. “Bu Forumdakı mövzular aktuallığı ilə yadda qaldı. Forum növbəti uğura çevrildi. Mədəniyyətin iqlim dəyişikliyi sahəsində rolu böyükdür. Forumun bəşəriyyətin sivilizasiyasında vacib yer tutduğunu düşünürəm. Tədbirdə qlobal çağırışlar da edildi”, - deyə N.Saad vurğulayıb. ..
03.05.2024 17:53
“Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda parlamentlərarası konfrans keçirilib“Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ikinci gün də aktual mövzuların müzakirəsi ilə davam edib. Forum çərçivəsində mayın 2-də Bakı Konqres Mərkəzində “Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda parlamentlərarası konfrans keçirilib. Azərbaycan Respublikası Milli Məclisinin spikeri Sahibə Qafarovanın sədrliyi ilə keçən konfransda ölkəmizdə səfərdə olan parlament sədr və nümayəndələri iştirak edib. Sahibə Qafarova açılış nitqində bildirib ki, müharibələr mədəni irs üçün ən böyük təhlükədir. İşğal olunmuş ərazilərdə mədəni irsə hörmət edilməsi və qorunması üzrə beynəlxalq hüququn öhdəlikləri Ermənistan tərəfindən 30 il ərzində ciddi şəkildə pozulub: “İşğaldan azad edilmiş ərazilərimizdə hazırda genişmiqyaslı bərpa işləri aparılır. Burada prioritetlərdən biri də həmin ərazilərdə mədəni irsin bərpası və qorunmasıdır. Hazırda tarixi və dini abidələrimiz bərpa olunur və ya yeniləri inşa edilir”. Mədəni irsin qorunması sahəsində ölkəmizdə mövcud qanunvericilik bazası haqqında da danışan Milli Məclisin sədri bildirib ki, Azərbaycanın mədəni irsin qorunması sahəsində fəaliyyəti təkcə milli səviyyə ilə məhdudlaşmır. Müxtəlif ölkələrdə bəşəriyyətin ortaq sərvəti sayılan mədəni irsin bərpası və qorunması üçün ardıcıl addımlar atılır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu işə böyük töhfə verir. Konfransda çıxış edən Türk Dövlətləri Parlament Assambleyasının baş katibi Mehmet Süreyya Er bildirib ki, parlamentlər mədəni irsin qorunmasının hüquqi və siyasi çərçivəsinin formalaşmasında, onun yaşadılaraq gələcək nəsillərə ötürülməsində mühüm və məxsusi rol oynayır. Bakı konfransının da bu işə töhfə verəcəyinə əminik. Parlament diplomatiyasının imkanlarından danışan baş katib türk dövlətlərinin türk mədəniyyətinin varisləri olduğunu vurğulayaraq deyib: “Əcdadlarımızın bizə miras qoyduğu mədəni irsi gələcəyə daşımaq borcumuzdur”. Beynəlxalq Parlamentlərarası Konqresin baş katibi Sitara Ayaz, Əlcəzair Milli Şurasının sədri Ali Qalibi çıxışlarında Azərbaycanın zəngin mədəni irsə malik olduğunu deyiblər. Vurğulanıb ki, “Bakı Prosesi” beynəlxalq təhlükəsizliyə və sülhə öz töhfəsini verir. Əlcəzairli qonaq ölkəsində bu istiqamətdə maarifləndirmə işlərinin aparıldığını diqqətə çatdıraraq deyib: “Əlcəzair müstəmləkəçilikdən azad olan bir ölkədir və biz bununla bağlı təcrübəmizi paylaşmaq istəyirik. Ölkəmdə mədəni müxtəlifliyin qorunması ilə bağlı milli strategiya qəbul edilib. Məqsəd mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsidir”. Mədəni irsin qorunmasında qanunvericiliyin təkmilləşdirilməsinin kifayət etmədiyini deyən parlamentarilər bu məsələdə yerli icmalar, vətəndaş cəmiyyətinin fəal olmalısına diqqət çəkiblər. Rusiya Federasiyası Şurasının sədr müavini Konstantin Kosoçov qeyd edib ki, mədəni irsin qorunmasında Rusiyanın böyük təcrübəsi var: “Ölkəmizdə mədəni irsin qorunmasında federal qanunların əhəmiyyətli rolu var. Biz bu təcrübəni hər kəslə bölüşməyə hazırıq. Rusiyada 193 xalq yaşayır. Bu xalqların hər birinin öz dili var, elə nümunə üçün deyim ki, Azərbaycanla sərhəd olan Dağıstanda 14 dövlət dili mövcuddur. Rusiya onun sərhədləri çərçivəsində yaşayan bütün xalqlara tolerant münasibət göstərir və mədəni irsin qorunması istiqamətində mühüm addım atır”. ..
03.05.2024 17:51
“Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı” mövzusunda panel iclas keçirilibMayın 2-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günündə Azərbaycanın mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanovun moderatorluğu ilə Mədəni liderlərin konsultativ görüşü – “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı” mövzusunda panel iclas keçirilib. C.Səlimxanov mədəniyyət diplomatiyasının artıq yumşaq gücə çevrildiyini qeyd edib. “Biz SSRİ-də yaşayan insanlar kimi bunu daha yaxşı bilirik. Biz bu mədəni təsirlərdən necə qorunmaq, yumşaq gücə qarşı müdafiə mexanizmi barədə fikirləşməliyik”, - deyə C.Səlimxanov vurğulayıb. Malayziya Senatının sədri Mutang Tagal deyib ki, qloballaşma prosesində mədəniyyətlərarası sərhədlər daha tez silinir. Hər bir ölkə həm ölkədaxili, həm də xaricdə sülh və mehriban münasibətlərin qurulmasının tərəfdarıdır. Mədəniyyət diplomatiyası burada müstəsna rol oynayır və münaqişə, nifrət kimi mənfi təsirlərə qarşıdır. Qəzzada baş verən faciə zamanı mədəniyyət diplomatiyası olsaydı, orada aclıq olmazdı, təhlükəsizlik kimi həyati vacib şərtin mövcudluğu mümkün olardı. “Azərbaycan Malayziya kimi çoxmədəniyyətlilik nümunəsidir. Multikultural mühitin qorunması və təbliği diplomatiyanın bir istiqamətidir. Biz rəqəmsal platformalar vasitəsilə muzeylərə virtual sərgilər təşkil edərək mədəniyyətlərin yayılması və millətlərin birləşməsi üçün bir sıra tədbirlər keçiririk. Təəssüflə bildirmək istərdim ki, son illərdə qloballaşma zəifləyib, dövlətlər arasında böyük aşılmaz sədlər qurulur, irqçilik artır. Buna görə də düşünürəm ki, belə bir Forumun keçirilməsi ölkələr arasında mədəniyyət diplomatiyasının - qarşılıqlı etimadın, sülhün və dostluğun yayılmasında əvəzsiz rol oynayır”, - deyə Malayziya parlamentinin nümayəndəsi vurğulayıb. Rusiya Milli Musiqi Muzeyinin baş direktoru Mixail Brizkalov mədəniyyət diplomatiyasının yayılmasında musiqinin müstəsna rolunu qeyd edib. O bildirib ki, musiqi sərhəd tanımır. Əgər fərqli mədəniyyətlərə malik insanlar bir-birinin mahnılarını dinləyə, paylaşa bilirsə, bu digər sahələrdə də sınanmalıdır. Westmister Universitetinin dosenti xanım Yemisi Sloane Laura bildirib ki, multikulturalizm sülhün əsasını təşkil edir. Mədəniyyət diplomatiyası sərhədləri aşır və digər mədəniyyəti qəbul etməyə çağırır. “Mən Bakıda bu iki gün ərzində Azərbaycan yeməklərindən daddım və çox bəyəndim. Qərara gəldim ki, bu mədəniyyətlə daha yaxından tanış olum. Problem mədəniyyətdə deyil, iyerarxiyada və özünü digərindən üstün tutmaqdadır. Digər mədəniyyətləri öyrənməklə yanaşı, onların ideologiyasını da mənimsəmək lazımdır”, - deyə Yemisi Sloane Laura vurğulayıb. Rusiya Dövlət Kitabxanasının baş direktoru Vadim Duda isə çıxışında bildirib: “Bu gün biz danışırıq, müzakirələr aparırıq. Lakin düşünürəm ki, biz danışmaqdan daha çox iş görməyə çalışmalıyıq. Prezident İlham Əliyev çıxışında çox vacib bir məsələyə diqqət çəkdi - suverenlik. Suverenlik təkcə ölkəyə aid deyil. On il sonra alimlər və tədqiqatçılar bugünkü günə dair mövzularla bağlı araşdırma aparmaq istəsələr, çox böyük çətinliklə qarşılaşacaqlar. Çünki bu gün artıq heç kim qəzet oxumur, hamı informasiyaları ağıllı telefonlar, planşetlər vasitəsilə alır. Təklif edirəm ki, biz birləşərək gələcəkdə də istifadə edə biləcəyimiz etibarlı resurs yaradaq”. Yalovdan Haddassah Akademik Kollecinin elmi işçisi Elina Bardaç özünü bir sıra mədəniyyətlərin birləşməsinin təcəssümü hesab etdiyini deyib. O bildirib: “Çünki köklərimdə rus, yəhudi qarışığı var, həmçinin İngiltərədə yaşadığım üçün bu ölkənin mədəniyyəti ilə yaxından tanışam. Düşünürəm ki, mədəniyyət diplomatiyasında informasiyanın və onun təqdimat formasının rolu danılmazdır”. Rusiya Teatr Sənəti İnstitutunun rektoru Qriqori Zaslavski deyib ki, hər il Rusiyada teatr festivalı keçirilir. Azərbaycan, Tacikistan, Qırğızıstan və digər ölkələrin teatrlarından tələbələr festivala gəlirlər və bir-birinə çox mehriban, dostcasına davranırlar. Mədəniyyətlər arasında sərhəd yoxdur, bu tələbələr bir-birinin mədəniyyətindən faydalanır və möcüzə baş verir. “Çox sevindirici haldır ki, bu il Qırğızıstanda, İssık-Kulda keçiriləcək teatr festivalına Azərbaycandan nümayəndə heyəti yenidən qatılacaq“,- deyə o əlavə edib. Qrabar İncəsənət Qoruğu Mərkəzinin direktoru Dmitri Sergeyev mədəniyyət diplomatiyasının xalqlar arasında müsbət istiqamətdə yayılmasının önəmini vurğulayıb. Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver qeyd edib ki, fərqli mədəniyyətlərə, dinə və irqə mənsub insanların bir arada yaşamaları yalnız dialoq, qarşılıqlı anlaşma, hörmət və birgə yaşayışa səy göstərməkdən keçir. “Mədəniyyət diplomatiyası sayəsində dünyamızda sülh və əmin-amanlıq şəraitində yaşaya bilərik. Çoxmədəniyyətli coğrafiya yaratmalıyıq. Dinlər dinləri, mədəniyyətlər mədəniyyətləri, dillər dilləri yalnız dialoq vasitəsilə anlaya bilər”, - deyə Akkan Suver vurğulayıb. Birləşmiş Millətlər Universitetinin Siyasət əsaslı Elektron İdarəetmə üzrə əməliyyat bölməsində baş köməkçi ekspert Səlim Qriqori Zuğbi isə bildirib ki, dünyada sülh yalnız qarşılıqlı hörmət və anlayış nəticəsində bərqərar ola bilər. ..
03.05.2024 17:49
"Molla Nəsrəddin – çətin günlərin dostu" filminin çəkilişləri avqustda başlanacaqVI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də “Molla Nəsrəddin – çətin günlərin dostu“ filmi ilə bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında TÜRKSOY-un baş katibi Sultan Raev, filmin ssenari müəllifi və baş rejissoru, Xalq artisti Vaqif Mustafayev, prodüseri Zaur Darabzadə media nümayəndələrinin suallarını cavablandırıblar. Sultan Raev bildirib ki, Türk dünyasının ortaq folklor qəhrəmanı Molla Nəsrəddin haqqında bədii filmin çəkilməsi ilə bağlı qərar TÜRKSOY Daimi Şurasının 2023-cü ilin oktyabrında Şuşa şəhərində keçirilən 40-cı iclasında qəbul olunub. TÜRKSOY Daimi Şurasının 2023-cü ilin oktyabrında Şuşa şəhərində keçirilən 40-cı iclasında alınan qərara əsasən, Türk dünyasının ortaq folklor qəhrəmanı Molla Nəsrəddin haqqında bədii film çəkilməsi qərara alınıb. Ekran əsəri təşkilata üzv ölkələrin mədəniyyət nazirlikləri və TÜRKSOY-un dəstəyi ilə ərsəyə gələcək. Vaqif Mustafayev diqqətə çatdırıb ki, müştərək ekran əsərinin Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda lentə alınması nəzərdə tutulur: “Filmdə türkdilli dövlətlərin kinemotoqrafçıları bir araya gələcək. Ən böyük məsuliyyət budur ki, bütün səylərimizi ortaya qoyub tamaşaçıları sevindirə bilək”. Zaur Darabzadə qeyd edib ki, filmin çəkilişlərinə bu ilin avqust ayında start veriləcək. 100 dəqiqəlik film qardaş türk respublikalarının hər birində çəkilməklə hissələrə bölünür. Baş rolda Türkiyənin tanınmış aktyorlarından birinin çəkilməsi nəzərdə tutulub. Filmin çəkilişlərinə 2024-cü ilin avqust ayından etibarən başlanılacaq və 2025-ci ildə ictimaiyyətə təqdim olunacaq. ..
03.05.2024 17:47
"Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" mövzusunda IV plenar sessiya keçirilibMayın 2-də Bakı Konqres Mərkəzində Forumun sonuncu – IV plenar sessiyası keçirilib. “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” mövzusuna həsr olunan sessiya Böyük Britaniyanın UNESCO üzrə Milli Komissiyasının baş icraçı direktoru və baş katibi Ceyms Bricin moderatorluğu ilə gerçəkləşib. Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova mədəni irsin əsrlər boyu hər bir xalqın dünyaya baxışı və həyat tərzindən qaynaqlanan, onun müxtəlif inkişaf mərhələlərini özündə əks etdirən, milli kimliyin daşıyıcısı olduğunu deyib. Bildirib ki, mədəni irs hər bir dövrdə kommunikasiya və sosiallaşmanın məhsulu olmaqla həm tarixi keçmişə baxmağa, həm də gələcəyi proqnozlaşdırmağa imkan verir: “Lakin mədəni irs bütün zamanlarda ətraf mühitin tərkib hissəsi olmaqla iqlim və münaqişələrin təsirinə məruz qalıb. XIX və XX əsrin sənayeləşməsi və böyük müharibələr bu prosesi daha da sürətləndirib. Bu gün isə bu çağırışlar, xüsusilə iqlim dəyişiklikləri qlobal xarakter alıb. İqlim dəyişiklikləri insan sağlamlığı, kənd təsərrüfatı, sənaye və digər sahələrlə yanaşı, mədəni və təbii irsə də öz mənfi təsirini göstərir. Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfəsini verir. Ölkəmiz tərəfindən əsasən öz maliyyə vəsaitləri hesabına ətraf mühitin qorunması, yaşıllıqların bərpası, artırılması, təbii ehtiyatlardan, o cümlədən su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə imkanlarının genişləndirilməsi istiqamətində mühüm işlər görülür. Bütün bunların davamı olaraq iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub”. Səadət Yusifova vurğulayıb ki, iqlim dəyişikliyi ilə bərabər, müharibələr də mədəni və təbii irsin dağıdılması ilə nəticələnir: “Təəssüflər olsun ki, torpaqlarımızın 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğalı mədəni və təbii irsimizin dağıdılmasına gətirib çıxarıb, milli irsimiz mədəni soyqırımına məruz qalıb. Ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurda 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Eyni zamanda aparılan təhlillər nəticəsində müəyyən olunub ki, işğal dövründə onlar məqsədli şəkildə dağılmaya, vandalizmə məruz qalıb, 47 abidə yer üzündən silinib. 163 abidə təhlükəsizlik səbəbindən inventarlaşdırılma aparılmayan abidələrdir. Bu abidələr əsasən mina və sursat partlayışı riski olan ərazilərdədir. Bu abidələrin bərpası və konservasiyası Böyük Qayıdış prosesinin tərkib hissəsidir”. Çin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun (CBCGDF) baş katibi Jinfeng Zhou çalışdığı qurumun tarixi haqqında söz açıb. Deyib ki, bu gün fond qarşısında duran ən ümdə məsələlərdən biri biomüxtəlifliyin qorunub saxlanılmasıdır. Frison Horta Fondunun təsisçisi və baş direktoru Nupur Tron memarlıq üzrə apardığı araşdırmalardan danışıb. Vurğulayıb ki, mədəni irsin inkişafı üçün özəl sektorun bu işə cəlb olunması böyük əhəmiyyət kəsb edir. ICESCO baş direktorunun müşaviri Heşam əl-Əskəri söyləyib ki, keçmişdə gələcəklə bağlı məlumat əldə etmək üçün müəyyən proqnazlaşdırılma lazım olub: “O vaxt alimlər bununla bağlı bir sıra araşdırmalar aparırdılar. Bu gün isə çox müasir texnologiyaları tətbiq etməklə Yer kürəsində baş verən prosesləri araşdırmaq mümkündür. Bu araşdırmalar nəticəsində iqlim dəyişikliyi zamanı baş verə biləcək hadisələri öncədən görmək imkanımız olacaq”. “Smithsonian”ın Asiya Mədəniyyət Tarixi Proqramının direktoru, “Smithsonian”ın Antropologiya departamentinin Asiya, Avropa və Yaxın Şərq üzrə kuratoru Pol Maykl Taylor mövzu ilə bağlı öz təcrübələrindən bəhs edib. Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Albino Jopela fondun fəaliyyətindən danışıb. Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva ölkəmizdəki abidələrimiz haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycanda 7 mindən artıq memarlıq abidəsi mövcuddur. Bu abidələr müəyyən statuslarla qorunmaqdadır. Küveyt Dövlətinin UNESCO yanında daimi nümayəndəsi, səfir Adam əl-Mulla iqlim dəyişikliyinin bəşəriyyət üçün ciddi təhdid olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmaq üçün təxirəsalınmaz tədbirlər görülməlidir. ..
03.05.2024 17:45
“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda panel sessiyaya təşkil edilibBakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də “Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda panel sessiyaya təşkil edilib. Beynəlxalq Hüquq və Dini Araşdırmalar Mərkəzinin direktor müavini xanım Elizabet A.Klarkın moderatorluğu ilə keçirilən sessiyada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov açılış nitqi ilə çıxış edib. O qeyd edib ki, müxtəlif mədəniyyətlər və inanclar arasında körpü yaratmaq inklüziv və multikultural cəmiyyətlərin xüsusiyyətidir. Əməkdaşlıq olmadan bu körpülər yaradıla bilməz. Əməkdaşlıq cəmiyyətdə təcrid olunmuş və azlıq təşkil edən qruplar üçün inteqrasiya imkanları yaradır. R.Həsənov, eyni zamanda, bildirib ki, multikultural cəmiyyətin formalaşmasına müxtəlif maneələr yaratmaq insanlar arasında nifrətin yayılmasına səbəb olur. “Multikultural cəmiyyət yaratmaq ictimai birliyə nail olmağın həlledici yollarından biridir. İctimai birliyə nail olmaq bu gün hökumətlərin və dövlətlərin qarşısında duran prioritetlər sırasındadır. Bu, çox mürəkkəb və vaxtaparan prosesdir. Amma bu, bizi ruhdan salmamalıdır. Biz beynəlxalq əməkdaşlığımızı, dostluğumuzu gücləndirməliyik”, - deyə icraçı direktor vurğulayıb. Sessiyada çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru professor Kamal Abdulla ölkəmizdə multikultural dəyərlərin son dərəcə yüksək qiymətləndirildiyini söyləyib. Diqqətə çatdırıb ki, bu, həm Azərbaycan dövlətinin apardığı siyasətin tərkib hissəsidir, həm də xalqımızın canından, qanından gələn hisslərdir. O bildirib ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev başqa dinin nümayəndələrinə, digər millətlərə hər zaman böyük hörmətlə yanaşırdı. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev bütün konfessiyalara, milli müxtəlifliklərə eyni siyasi münasibəti bəsləməsi ilə multikultural təhlükəsizliyi təmin edib. “Hər dövlətin bir çox təhlükəsizlik doktrinaları var. Ölkəmizin əsas məqsədi bütün konfessiyaların, milli azlıqların nümayəndələrinin özlərini Azərbaycanda rahat, bərabər hiss etməsidir. Azərbaycan Prezidenti bütün konfessiyalara eyni münasibət bəsləyir. Heç bir konfessiyanı, milli icmanı digərindən ayırmır. Bu, dövlətimizin başçısının verdiyi qərarlarda da özünü göstərir”, - deyə Kamal Abdulla vurğulayıb. Pakistanın UNESCO yanında daimi nümayəndəsi səfir Asim İftixar Əhməd çıxışında bildirib ki, dünyada hələ də həllini gözləyən bir çox böhranlar, münaqişələr var. Hazırda dünyada irqi ayrı-seçkilik kimi bir çox başqa ciddi problemlərlə qarşılaşırıq. O deyib ki, dialoq çox önəmlidir, lakin bu gün sülh üçün kifayət edəcək qədər deyil. “Bakı Prosesi” və bu kimi digər platformalar sivilizasiyalar arasında körpü yaratmaq məqsədi daşıyır. İsa Məsihin Son Günlər Müqəddəsləri Kilsəsinin Mərkəzi Avropa və Avrasiya üzrə prezidenti Cek Noel Gerard isə qarşılıqlı hörməti və anlaşmanı yüksək qiymətləndirdiklərini söyləyib. Qeyd edib ki, onlar dünyanın bütün inanclarında olan dəyərlərə hörmət edirlər. “Müxtəlif dinlər, mədəniyyətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlıq körpüləri qurulmalıdır. Bununla biz dünyanın qarşıladığı çağırışlarla mübarizə apara bilərik. Əməkdaşlıq çərçivəsində dəstəyə həqiqətən ehtiyacı olan şəxslərə ləyaqətli şəkildə kömək göstərə bilərik”, - deyə Cek Noel Gerard vurğulayıb. Xarici Regional Araşdırmalar Departamentinin rəhbəri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Yekaterinburq filialının Ural Federal Universitetinin rəhbəri Aleksandr Nesterov isə diqqətə çatdırıb ki, multikulturalizm termin olaraq qədim deyil. Lakin onun özündə ifadə etdiyi hər bir anlayış qədim tarixə malikdir. “Azərbaycan, xüsusilə də bu ölkənin Prezidenti multikulturalizmi dövlət siyasətinin əsasına çevirib. Bununla belə, multikulturalizm, yəni, müxtəlif azsaylı xalqların, ayrı-ayrı konfessiyaların və mədəniyyətlərin tarixən bir yerdə olması Azərbaycan xalqının həyat tərzidir”, - deyə o əlavə edib. Banqladeşin sabiq səfiri və İƏT-in Avropa İttifaqındakı keçmiş daimi müşahidəçisi İsmət Cahan vurğulayıb ki, Azərbaycan multikulturalizm cəhətdən olduqca inkişaf etmiş ölkədir. Mədəniyyətlərarası dialoq sülh, mədəniyyət və qarşılıqlı anlaşmanı formalaşdırır. İnsanların sülh şəraitində yaşamasının önəmli olduğunu vurğulayan İ.Cahan diqqətə çatdırıb: “Təəssüf ki, dünyada siyasi və dini baxımdan ayrı-seçkilik var. Bu, cəmiyyətdə sülhün bərqərar olması üçün problem yaradır. Dinlərarası dialoqlarda üst-üstə düşən məqamlar olsa da, fərqli fikirlər də mövcuddur. Bu zaman, ilk növbədə, dinləmə və dialoqun qurulması əsas şərtdir. Bunun üçün isə ortaq həll yolları tapılmalıdır”. Panel sessiyada çıxış edən ABŞ-ın Daxili Təhlükəsizlik Departamentinin sabiq direktor müavini Janna Skot gənclərin qlobal sahəyə cəlb olunmasının önəmindən bəhs edib. Bildirib ki, bu vasitə ilə onlar arasında kommunikasiya yaratmaq mümkündür. Dinlərarası Dindarlıq Proqramının direktoru, professor Kamal Abu-Şamsieh, Parisdəki Ərəb Dünyası İnstitutunun direktoru, sabiq mədəniyyət naziri Kərim İfrak və “CAGE International“ın icraçı direktoru Muhammad Əbdur Rabbani çıxışları zamanı sülhün dünya üçün son dərəcə vacib olduğunu vurğulayıblar. Bildirilib ki, yoxsulluq, şiddət və ayrı-seçkilik aradan qaldırılmalıdır. Panel sessiyası işini müzakirələrlə davam etdirib. ..