Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
843

Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı

Xəbər verdiyimiz kimi, 1–3 aprel tarixlərində Azərbaycanda Belarus Mədəniyyəti Günləri keçirildi. Kino nümayişləri, təsviri sənət sərgisi, yaradıcı insanların səmimi dialoqu, rəsmilər səviyyəsində məhsuldar görüşlər iki dost ölkə arasında möhkəm siyasi, iqtisadi əlaqələrin sıx mədəni əməkdaşlığa da güclü zəmin yaratdığını göstərdi. Mədəniyyət günlərinin geniş icmalını təqdim edirik.

Belarus Mədəniyyəti Günləri çərçivəsində Belarus filmlərinin nümayişi də təşkil edilib. “Belarusfilm” kinostudiyasının son illərdə istehsal etdiyi bədii və sənədli ekran nümunələri Nizami Kino Mərkəzində göstərilib.

Aprelin 1-də Belarus kinosu günlərinin açılışına hər iki ölkənin mədəniyyət və ictimai xadimləri, kino mütəxəssisləri, çoxlu sayda tamaşaçı qatılıb.

Əvvəlcə Azərbaycan Respublikası Kino Agentliyinin direktor səlahiyyətlərini icra edən Orxan Fikrətoğlu və “Belarusfilm” kinostudiyasının baş direktoru Yuri Aleksey çıxış ediblər.

Belarus kino günlərini əlamətdar mədəniyyət hadisəsi kimi dəyərləndirən Orxan Fikrətoğlu bildirib ki, üç gün ərzində bu ölkənin qədim slavyan ənənələri, tarixi, mədəni  dəyərləri azərbaycanlı tamaşaçılara kino dili ilə təqdim olunacaq. Qeyd olunub ki, “Belarusfilm”in yüzillik tarixi və ənənələri var və bu kinostudiyada lentə alınan filmlər hər zaman böyük maraqla qarşılanıb.

Orxan Fikrətoğlu onu da diqqətə çatdırıb ki, Azərbaycan filmlərinin də Belarusda bu formatda təqdimatı nəzərdə tutulub.

Yuri Aleksey Bakıda Belarus kinosu günləri ilə bağlı təəssüratlarını bölüşüb, göstəriləcək filmlər haqqında məlumat verib: “Azərbaycan tamaşaçıları üçün dörd film gətirmişik – bunlardan ikisi bədii, ikisi isə sənədli filmdir. Biz öz köklərimizi, adət-ənənələrimizi, mədəniyyətimizi kino vasitəsilə göstərmək istəyirik. Əminəm ki, Azərbaycan tamaşaçıları buna maraq göstərəcək”, – deyə o bildirib.

“Belarusfilm”in baş direktoru Azərbaycanla kino sahəsində əməkdaşlıq məsələlərinin nəzərdən keçirildiyini deyib. Qeyd edib ki, bununla bağlı rəhbərlik etdiyi qurumla Azərbaycan tərəfi arasında danışıqlar davam edir və gələcəkdə birgə əməkdaşlıqla bağlı saziş imzalanacaq. Qonaq Belarus və Azərbaycan arasında mədəni əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.

Çıxışlardan sonra “Лист ожидания” (“Gözləmə vərəqi”) bədii filmi nümayiş olunub. 2023-cü ildə istehsal olunan ekran əsəri (rejissor A.Yefremov) həkimlərdən, bu çətin peşə sahiblərinin işdə və ailədə münasibətlərindən, yaşadığımız mürəkkəb zamandan bəhs edir.

Qeyd edək ki, Belarus kinosu günlərinin proqramı üzrə aprelin 2-də Nizami Kino Mərkəzində iki ekran əsəri nümayiş olunub.

“Перезвон” (“Kilsə zəngləri”) sənədli filmi (2021, rejissor E.Setko) İkinci Dünya müharibəsi zamanı faşistlər tərəfindən yandırılmış Belarus kəndləri haqqındadır.

“Подрыв” (“Partlatma”) bədii filminin (2022, rejissor İ.Pavlov) mövzusu da Belarusun böyük itkilər verdiyi İkinci Dünya müharibəsi ilə bağlıdır. Filmin qəhrəmanları 1945-ci ildə, artıq alman faşistlərinin işğalından azad edilmiş ərazilərdə minatəmizləmə işlərinə qoşulan yeniyetmə könüllülərdir.

Aprelin 3-də isə “Страна спасённого великана” (“Xilas edilmiş nəhənglərin ölkəsi”) sənədli filmi (2023, rejissor İ.Bışnev) göstərilib. Film məşhur Belarus zubrları haqqındadır.

***

Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günləri çərçivəsində bu ölkənin mədəniyyət naziri Anatoli Markeviçin rəhbərlik etdiyi geniş nümayəndə heyəti Bakıya səfər edib. Aprelin 2-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb.

Qonaqları səmimi salamlayan Adil Kərimli Azərbaycanla Belarus arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan və Belarus respublikalarının prezidentləri arasında olan qarşılıqlı etimad və dostluq münasibətləri bütün sahələrdə ikitərəfli münasibətlərimizin inkişaf dinamikasını və intensivliyini şərtləndirir. Bu əlaqələrin mühüm tərkib hissəsi ölkələrimizin başçıları tərəfindən dəfələrlə vurğulanan humanitar əməkdaşlıqdır.

Qeyd olunub ki, mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş perspektivlər vardır. Çünki xalqlarımızı ümumi tarix və mədəniyyət, xüsusilə də dövlət başçıları səviyyəsində müntəzəm görüşlərlə təsdiqlənən fəal siyasi dialoq birləşdirir.

Nazir ölkəmizdə keçirilən növbəti Belarus Mədəniyyəti Günlərini əlaqələrimizin inkişafına mühüm töhfə kimi səciyyələndirib, tədbirin dost ölkənin mədəniyyətinin təbliğində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb.

Belarusun mədəniyyət naziri Anatoli Markeviç səmimi qəbula, nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə və Belarus mədəniyyətinin nümayişinə yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Qeyd olunub ki, Belarus film sənayesi, kitabxana, musiqi və digər sahələrdə Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. O, mədəni əməkdaşlığın yeni mərhələyə qaldırılması üçün ikitərəfli işçi qrupunun yaradılmasının əhəmiyyətli olacağını vurğulayıb.

Qonaq nazir Belarusda təşkil olunan ənənəvi mədəniyyət layihələri – Minsk Beynəlxalq Kitab Sərgisi, Vitebsk şəhərində keçirilən “Slavyan bazarı” Musiqi Festivalı və “Listopad” Minsk Beynəlxalq Film Festivalında Azərbaycanın mütəmadi iştirakını arzu etdiklərini diqqətə çatdırıb.

Söhbət zamanı mayın 1-dən 3-dək Bakıda keçiriləcək VI Dünya Mədəniyyətlərarası Dialoq Forumunda Belarus tərəfinin iştirakı da müzakirə olunub.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

***

Azərbaycanda Belarus Mədəniyyəti Günləri çərçivəsində aprelin 2-də Milli İncəsənət Muzeyində “Belarus rəssamların gözü ilə” adlı sərgi açılıb.

Mərasimdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Belarusun mədəniyyət naziri Anatoli Markeviç, Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov və hər iki ölkənin incəsənət xadimləri iştirak ediblər.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək sərgi haqqında məlumat verib. Bildirib ki, ekspozisiyada 35 rəngkarlıq əsəri nümayiş olunur. Bu il Belarusun II Dünya müharibəsində alman faşistlərinin işğalından azad edilməsinin 80 illiyi tamam olur və sərgidə bu mövzuda əsərlərə geniş yer verilib.

Belarusun mədəniyyət naziri Anatoli Markeviç çıxışında ölkələrimiz arasında mədəni əlaqələrin köklü ənənələri olduğunu qeyd edib. “Əminəm ki, qarşıda bizi çox parlaq, xalqlarımızın marağına səbəb olacaq irimiqyaslı layihələr gözləyir”, – deyə nazir bildirib.

Azərbaycan Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov, Belarus Milli İncəsənət Muzeyinin direktoru Anna Kononova qarşılıqlı mədəni əlaqələrin əhəmiyyətindən söz açıblar.

Nazir Anatoli Markeviç Azərbaycan Milli İncəsənət Muzeyinə rəsm əsəri hədiyyə edib. Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgidə Belarus rəssamları Anton Vırvo, Anna Kononova, Qleb Otçik, Anna Sadovskaya və Vladimir Urodniçin əsərləri təqdim olunur. Mənzərə janrında əsərlərdə 80 il öncə vətənlərinin işğaldan xilası, sülhün hökm sürdüyü yaradıcı həyatın gözəlliyi təsvir edilib. Əsərlər Belarusun zəngin təbiətinin, şəhər və kənd mənzərələrinin təkrarolunmaz aurasını tamaşaçıya çatdırır.

“Belarus rəssamların gözü ilə” sərgisi aprelin 3-də başa çatıb.

***

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi aprelin 2-də Heydər Əliyev Sarayında keçirilib. Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, Azərbaycan və Belarusun mədəniyyət nazirləri Adil Kərimli və Anatoli Markeviç, millət vəkilləri, hər iki ölkənin mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə qonaqlar Heydər Əliyev Sarayının foyesində təqdim edilən banner və Belarus xalq sənətkarlığı nümunələrinin sərgisi ilə tanış olublar. Sərgi məkanında dost ölkə sənətkarlarının ustad dərsləri xüsusi maraqla izlənilib.

Mərasim Azərbaycan və Belarusun Dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Açılış nitqi söyləyən mədəniyyət naziri Adil Kərimli belaruslu qonaqları və tədbir iştirakçılarını salamlayıb. Qeyd edib ki, ölkələrimiz arasında hər zaman möhkəm dostluq əlaqələri mövcud olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mütəmadi görüşləri, dostluq münasibətləri sayəsində ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də ikitərəfli əməkdaşlığa geniş üfüqlər açılıb.

Belarus Respublikasının mədəniyyət naziri Anatoli Markeviç də çıxışında Azərbaycanı ölkəsinin etibarlı dostu kimi səciyyələndirib: “Bizim dostluq ənənələrimizin köklü tarixi var və bu əməkdaşlıq gələcəyə hesablanıb. Biz mədəni əməkdaşlığımızı yüksək dəyərləndiririk və bu münasibətlərin davamlılığı qarşıda böyük birgə layihələrin reallaşmasına zəmin yaradacaq”.

Anatoli Markeviç Vitebsk şəhərində hər il keçirilən “Slavyan bazarı” musiqi festivalının “Ulduz” meydanında məşhur azərbaycanlı bəstəkar və müğənni, Xalq artisti Polad Bülbüloğlunun da adının qeyd olunduğunu diqqətə çatdırıb: “Biz azərbaycanlı sənətçiləri ölkəmizdə görməkdən məmnun olarıq. Mən çox şadam ki, Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günləri əsl mədəni dialoqa çevrilə bildi. Bu tədbirlərdə bəzən tərcüməçilərə də ehtiyacımız olmur. Çünki biz anlaşılan bir dildə, sülh, dostluq və yüksək sənət dilində danışırıq”.

Bu il Belarusun alman faşist işğalından azad olunmasının 80 illiyinin qeyd edildiyini bildirən A.Markeviç ölkəsinin azadlığı uğrunda həlak olan azərbaycanlı hərbçilərin xatirəsinə dərin ehtiramını dilə gətirib.

Belaruslu nazir çıxışının sonunda nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə Mədəniyyət Nazirliyinə minnətdarlıq edib və tezliklə Azərbaycanın mədəniyyət xadimlərini Belarusda gözlədiklərini söyləyib.

Çıxışlardan sonra qonaq ölkənin incəsənət ustalarının ifasında geniş konsert proqramı təqdim olunub. Konsertdə Belarus Dövlət Akademik Rəqs Ansamblı, “Vitebsk – 2023” estrada mahnı müsabiqəsinin laureatı Samir Yolçuyev, Belarus Böyük Teatrının solistləri Darya Qorojanko, Əməkdar artist Viktoriya Aleşko və əfsanəvi “Pesnyarı” Dövlət Ansamblı çıxış edib. Belarus ifaçılarının təqdim etdiyi musiqi və rəqs nömrələri alqışlarla qarşılanıb.

***

Belarus Mədəniyyəti Günləri çərçivəsində aprelin 3-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında iki ölkənin mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə dəyirmi masa təşkil olunub.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanovun moderatorluğu ilə gerçəkləşən görüşdə iki ölkə arasında mədəni əlaqələrin inkişaf perspektivləri ilə bağlı müzakirə aparılıb.

Söhbət zamanı xüsusilə Azərbaycan və Belarus milli kitabxanaları arasında əlaqələr, muzey işi, kino, teatr və mədəniyyətin digər sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, mədəni əlaqələr gənc nəsillərə qarşılıqlı olaraq milli mədəni irsimizi tanıtmaq baxımından böyük əhəmiyyət kəsb edir.

Belarusun Mogilyov Vilayəti Mədəniyyət İdarəsinin rəisi Aleksandr Jiqun bildirib ki, məqsədimiz mədəniyyət sahəsi ilə xalqlarımız arasında körpü yaratmaqdır. Diqqətə çatdırılıb ki, Bakıya bu səfər əsnasında kino, kitabxana, muzey və rəssamlıq sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Belarus və Azərbaycanın dövlət başçılarının dostluq münasibətləri təkcə siyasi, sosial-iqtisadi sahələrdə deyil, mədəniyyət sahəsində də əməkdaşlığın gücləndirilməsini tələb edir. Xalqlarımızı birləşdirən və maraqlarına xidmət edən cəhətlər çoxdur və bu, mədəni sahədə birgə layihələrə yol açmalıdır.

Görüşdə hər iki ölkədə keçirilən festivallarda qarşılıqlı iştirakın əhəmiyyəti vurğulanıb. “Belarusfilm”in rəhbərliyi Belarusda Azərbaycan kinosu günlərinin keçirilməsini təklif edib.

Tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyi ilə Belarus Milli İncəsənət Muzeyi arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi hər iki muzeyin direktorları Şirin Məlikova və Anna Kononova imzalayıblar.

Həmçinin Mogilyov Mədəniyyət İdarəsinin rəisi ötən il Belarusda təşkil edilən “Animaevka – 2023” XXVI Beynəlxalq Animasiya Film Festivalında “Ən yaxşı animasiya rəssamı” nominasiyasında qalib olmuş gənc azərbaycanlı animator-rəssam Mehriban Əliyevaya diplom və mükafat təqdim edib.

***

Belarus Mədəniyyəti Günləri çərçivəsində Belarus Respublikasının mədəniyyət naziri Anatoli Markeviç Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib.

Nazir muzeyin ekspozisiyasında nümayiş etdirilən sənət nümunələri ilə tanış olub. Qonağa bu mədəniyyət ocağının yaranma tarixi və fəaliyyəti, zəngin milli irsimiz sayılan Azərbaycan xalça sənəti, muzeydə qorunub saxlanılan xalça və xalça məmulatları, milli tikmə, bədii metal və geyim nümunələri, həmçinin kolleksiyaların zənginləşdirilməsi istiqamətində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verilib.

Zərgərlik fondunu da ziyarət edən nazir Anatoli Markeviç zəngin milli mədəni irsimizlə tanışlıqdan məmnunluğunu ifadə edib, muzeylə bağlı xoş təəssüratlarını xatirə kitabına yazıb.

Qonağa muzeyin Ənənəvi texnologiya şöbəsində toxunmuş xalça hədiyyə olunub.

Bununla da Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günləri başa çatıb.

XƏBƏRLƏR

13.05.2024 10:29
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər
10.05.2024 17:40
Mədəniyyət Nazirliyinin tabeliyindəki mədəniyyət müəssisələrinin rəhbərləri üçün təlim keçiriləcək
10.05.2024 08:58
Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb
06.05.2024 17:42
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib
06.05.2024 13:16
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada başlanılır
06.05.2024 09:23
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı ilk dəfə vahid platforma üzərindən müsabiqə elanı
03.05.2024 18:03
Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib
03.05.2024 18:01
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
03.05.2024 17:55
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib
03.05.2024 17:53
“Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda parlamentlərarası konfrans keçirilib
03.05.2024 17:51
“Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı” mövzusunda panel iclas keçirilib
03.05.2024 17:49
"Molla Nəsrəddin – çətin günlərin dostu" filminin çəkilişləri avqustda başlanacaq
03.05.2024 17:47
"Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" mövzusunda IV plenar sessiya keçirilib
03.05.2024 17:45
“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda panel sessiyaya təşkil edilib
03.05.2024 17:41
Forumun IX panel sessiyası “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” mövzusuna həsr olunub
03.05.2024 17:23
“Üfüqləri birləşdirərək: İpək yolu proqramının müasir trendləri və qlobal təsiri” mövzusunda 8-ci panel sessiya keçirilib
03.05.2024 17:18
“Müasir inkişaf meyillərinin təmin edilməsində və iqtisadi şaxələndirmədə mədəni və yaradıcı sənayelərin əhəmiyyəti” mövzusunda panel sessiya keçirilib
03.05.2024 17:08
“Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiya keçirilib
03.05.2024 17:05
“Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd? – Forumun növbəti panel sessiyası
03.05.2024 17:02
Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşüb
03.05.2024 17:00
Forumda “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; qlobal inkişafa doğru” adlı panel sessiya keçirilib
03.05.2024 16:57
Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr olunub
03.05.2024 16:52
Beynəlxalq təşkilatların “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı III Zirvə görüşü keçirilib
03.05.2024 16:42
Forum çərçivəsində nazirlərin 5-ci görüşü keçirilib
03.05.2024 16:15
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 1-də Dini liderlərin Bakı görüşü keçirilib
03.05.2024 16:12
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda üçüncü plenar sessiya təşkil olunub
01.05.2024 17:10
Dialoq Forumunun II plenar sessiyası “Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” mövzusuna həsr olunub
01.05.2024 15:41
Çoxtərəfli əməkdaşlığın inkişafında yumşaq gücün tətbiqi – Forumun ilk plenar sessiyası keçirilib
01.05.2024 15:37
Dialoq Forumu çərçivəsində “Təhsilin və gənclərin ayrı-seçkilik və ksenofobiya ilə mübarizəyə cəlb edilməsinin rolu” adlı panel sessiya təşkil edilib