07.11.2024 17:19
Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıbBu il Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən bir, Xalq rəssamı Səttar Bəhlulzadənin (1909-1974) anadan olmasının 115, vəfatının 50 illiyidir.
Bu münasibətlə noyabrın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb.
Sərginin açılış mərasimində Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli və tanınmış incəsənət xadimləri iştirak ediblər.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın muzeyin kolleksiyasından seçilmiş 40-dan çox rəngkarlıq və qrafika əsəri yer alıb. Bununla yanaşı, görkəmli sənətkarın muzey tərəfindən yeni əldə olunan 2 rəsm albomu ilk dəfə nümayiş etdirilir. Sərginin kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Şirin Məlikovadır.
Tədbirdə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Xalq rəssamı Səlhab Məmmədov, tanınmış siyasi və dövlət xadimi Həsən Həsənov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, muzeyin Elmi-tədqiqat şöbəsinin müdiri Telman İbrahimov çıxış edərək Səttar Bəhlulzadənin milli təsviri sənətdə qoyduğu təkrarsız izdən danışıb, sərginin əhəmiyyətini vurğulayıblar.
Qeyd olunub ki, hələ sağlığında adı əfsanəyə çevrilmiş Səttar Bəhlulzadə bütün yaradıcılığı boyu böyük məhəbbətlə sevdiyi doğma yurdun təbiətini tərənnüm edib və öz əsərlərində onun bütöv obrazını əbədiləşdirib. Rəssamın tablolarının koloritində hansısa aparıcı rəng üstünlük təşkil edir və onun köməyi ilə çox zaman əsərin aid olduğu konkret yaradıcılıq mərhələsini təyin etmək mümkündür. Sərginin ekspozisiyasında yer alan əsərlər də məhz bu prinsip əsasında təqdim olunur.
Sənət yolunun başlanğıcını təcəssüm edən mavi rəngli ilk zalda realizmdən qaynaqlanan təbiət təsvirləri, əbədi gənclik, mənəvi hüzur, təbiət gözəlliklərinə məhəbbətlə əlaqələndirilən yaşıl zalda isə Azərbaycan mənzərələrinin ayrı-ayrı cizgiləri, qrafik rəsmləri yer alıb.
Qırmızı zalda sənətə böyük məhəbbətlə bağlanan rəssamın öz dəst-xəttini formalaşdıraraq milli mənzərə rəngkarlığında yeni səhifə açdığı dövr əks olunub. Sarı zal isə odlar yurdu Azərbaycanın valehedici mənzərələrini təcəssüm etdirərək həm də rəssamın sakral dünyasının ifadəçisidir.
Yaradıcılığının kulminasiya nöqtəsini həyatı boyu yaşatdığı mənəvi paklığı, daxili nuru, sənətkar və şəxsiyyətin bir varlıqda vəhdətini özündə ehtiva edən bəyaz zal isə xəyal etdiyi “Gülüstan”a, sanki ağ duvağa bürünmüş “Xəzər gözəli”nə, “Mavi əfsanə”yə, tərənnüm etməkdən usanmadığı Abşerona əbədi sevgisinin izharıdır.
Multimedia vasitələrindən istifadə edilən sərgidə rəssamın “Gülüstan” əsəri animasiya formasında da təqdim olunur. Bununla yanaşı, sənətkarın vitrində sərgilənən albomlarının bütün səhifələri sensorlu ekran (touchscreen) vasitəsilə nümayiş edilir, həmçinin “Bu, Səttar Bəhlulzadədir” sənədli filmindən fraqment göstərilir.
Sərgi 31 yanvar 2025-ci il tarixinədək davam edəcək.
..
07.11.2024 09:51
Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşübMədəniyyət naziri Adil Kərimli noyabrın 6-da Dövlət Film Fondunda Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən elan olunmuş film layihələri müsabiqəsi və post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsində qalib gələn şirkətlərin nümayəndələri ilə görüşüb.
Mədəniyyət Nazirliyi və ARKA-nın məsul şəxsləri, tanınmış kino xadimlərinin də iştirak etdiyi görüşdə agentliyin 2023–2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsi və post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsi, həmçinin dəstək verilən digər filmlərin hazırkı vəziyyəti haqqında ətraflı fikir mübadiləsi aparılıb, rejissor və prodüserlərin rastlaşdığı problemlər dinlənilib.
ARKA-nın fəaliyyəti haqqında məlumat verən mədəniyyət naziri Adil Kərimli qeyd edib ki, qurumun əsas hədəfi film istehsalçıları üçün əlverişli ekosistemin yaradılmasıdır. Bildirilib ki, ARKA tərəfindən ötən il elan olunan film layihələri müsabiqəsində ərsəyə gətirilən işlərin müdafiə (pitçinq) mərhələsi gerçəkləşib. Bu mərhələdə layihələr Seçim komissiyasının üzvləri və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurasının nümayəndələri tərəfindən qiymətləndirilib. Bu müsabiqə vasitəsilə 40-dan çox film istehsalata buraxılıb.
Nazir söyləyib ki, ölkəmiz 2023–2024-cü illərdə beynəlxalq film müsabiqələrində uğurla təmsil olunub: “Bu, çox müsbət haldır və bizi sevindirir. Lakin nəticələr bizim üçün, yəqin ki, sizlər üçün də hələlik qənaətbəxş deyil. Çünki bu sahədə potensial olduqca çoxdur və ondan istifadə etməliyik. Bunun üçün də film çəkilişləri zamanı infrastruktur baxımından meydana gələn çətinlikləri və problemləri müzakirə etmək vacibdir”.
Sonra kommersiya və animasiya filmlərinin çəkilməsi, film istehsalı üçün maliyyə mənbəyinin tapılması, vahid dövlət satınalma müqaviləsi, kino tənqidi sahəsinin inkişafı, kino sahəsində vergi güzəştləri, orta nəsil rejissorların işə daha çox cəlb edilməsi, sənədli filmlər studiyalarının yenidən bərpa olunması, idman filmlərinə dəstək, televiziya filmlərinin maliyyələşdirilməsi və s. mövzularda təkliflər səsləndirilib.
Diqqət mərkəzinə çəkilən məsələlərə münasibət bildirən nazir kinonun ümumi inkişafına xidmət edəcək hər bir rəy və təklifin nəzərə alınacağını söyləyib.
Görüşdə həmçinin kino sahəsində kadr çatışmazlığı, filmlərin dublyajı ilə bağlı bir sıra fikirlər, o cümlədən tənqidi mülahizələr səslənib, bu xüsusda boşluqların olduğu vurğulanıb.
Nazir mədəniyyətin bir çox sahəsində kadr çatışmazlığının özünü göstərdiyini bildirib. Deyib ki, Mədəniyyət Nazirliyi tərəfindən kino sahəsində kadr hazırlığına böyük əhəmiyyət verilir və bununla bağlı Elm və Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq mövcuddur.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd proqramı” həyata keçirilib. Proqramda qalib gələn gənclərdən 6 nəfəri (ötən il 1 nəfər olub) xaricdə kino sahəsi üzrə nazirliyin qrantı əsasında təhsil alır.
Bədii, sənədli kino ilə yanaşı, animasiya filmlərinin istehsalına da toxunan nazir bu sahənin inkişafına xüsusi diqqət ayrılacağını söyləyib.
Adil Kərimli görüşün sonunda kino ictimaiyyəti ilə belə geniş tərkibdə, işgüzar və səmimi atmosferdə ünsiyyətdən məmnunluğunu bildirib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
..
06.11.2024 17:32
Azərbaycanın təbii və mədəni irsiAzərbaycanın təbii və mədəni irsinə həsr olunan bu layihə Mədəniyyət Nazirliyi tərəfindən Cop 29 tədbirləri çərçivəsində hazırlanmışdır. Məqsəd təbiətlə mədəniyyətin qarşılıqlı əlaqəsini işıqlandırmaq, illər, qərinələr, əsrlər keçdikcə təbiətlə mədəniyyətin müxtəlif sahələrinin bir-birinə bağlı şəkildə inkişafını göstərməkdir.
Görüntüləri müşayət edən musiqidə təbiət səsləri - suyun şırıltısı, quşların civiltisi, balabanının zümzüməsi insan avazı ilə təqdim olunur; yağışın həzin sədası, ildırımın vahiməli, gürultulu səsləri Qobustan daşlarının və nağara ritmləriylə əvəz olunur; küləyin vıyıltısı tarda muğam fraqmentləriylə müşayət olunur. Təbiətin dörd ünsürü - su, od, hava, torpaq görüntü ilə musiqinin vəhdətində verilir.
Çəkilişlər Azərbaycanın müxtəlif rayonlarında - Qubada, Qusarda, Gədəbəydə, Şamaxıda, İsmayıllıda, Lənkəranda, Naxçıvanda, Şuşada, Cəbrayılda, Ağdamda olan tarixi, memarlıq, mədəniyyət abidələrində, əsrarəngiz və bənzərsiz təbiətdə aparılıb.
Bu videoçarxda təbiət sirləri ilə zəngin olan Atəşgah, Yanardağ, İçərişəhər, Qobustan, Basqal, Lahıc və digər qoruqlar təqdim olunub. Eyni zamanda, Azərbaycan florasının və faunasının yaşını, müxtəlifliyini özündə yaşadıb, bu günümüzə qədər gətirən qədim sənətkarlıq nümunələrində -daş kitabələrdə, xalçalarda, rəsmlərdə təbiətlə mədəniyyətin bir-birinə sıx bağlı olduğunu görmək olar.
Azərbaycanın təbii və mədəni irsinin bağlılığına həsr olunan bu layihədə məqsəd “Mədəniyyət həm də təbiət üçündür”, “Mədəniyyət həm də iqlimə xidmət edir” fikrini çatdırmaq olub.
..
06.11.2024 17:00
Mədəniyyət naziri Akademik Musiqili Teatrda olubAzərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin teatr-konsert müəssisələri və müvafiq təhsil ocaqlarının kollektivləri ilə görüşləri davam edir. Müəssisələrin fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunur.
Mədəniyyət naziri noyabrın 5-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında kollektivlə görüşüb. Musiqili Teatrın zəngin keçmişə, özünəməxsus sənət ənənələrinə malik olduğunu deyən nazir ölkəmizdə teatr sahəsinə göstərilən dövlət dəstəyindən danışıb. Bildirib ki, Prezident İlham Əliyev mədəniyyət sahəsinin də inkişafını daim diqqətdə saxlayır. Son illərdə teatrlarımızın maddi-texniki təchizatının yaxşılaşdırılması, paytaxtda, həmçinin bölgələrdə yeni teatr binalarının tikilməsi və əsaslı təmir-bərpası istiqamətində böyük işlər görülüb və bu sahədə fəaliyyət davam etdirilir.
Qeyd olunub ki, zaman-zaman Musiqili Teatrda korifey sənətkarlar çalışıb, Azərbaycan və dünya dramaturgiyasının diqqətəlayiq nümunələri tamaşaya qoyulub. Kollektiv tamaşaçıların estetik zövqünü oxşayan maraqlı səhnə əsərlərini nümayiş etdirir. Musiqili Teatr da nazirliyin dəstəyi ilə həm ölkədaxili, həm də xarici qastrol səfərlərində iştirak edir.
Teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev kollektivlə görüşə görə nazirə minnətdarlığını bildirib, teatrın uğurları ilə yanaşı, bəzi diqqət çəkilməli olan məsələlərdən danışıb.
Teatrın əməkdaşları – Xalq artistləri İlham Namiq Kamal, Afaq Bəşirqızı, Fatma Mahmudova, Əməkdar artistlər Əzizağa Əzizov, Ələkbər Əliyev, Əkbər Əlizadə, Nadir Xasiyev, Əməkdar incəsənət xadimi dirijor Fəxrəddin Atayev, aktyorlar Gülcahan Salamova, Eleonora Mustafayeva, Gültac Əlili, xor artistləri Aydan Əliyeva, Günel Qafarova, teatrın quruluşçu rəssamı Əməkdar artist Nabat Səmədova, teatrın baş rəssamı Vüsal Rəhim və başqaları çıxış ediblər. Kollektivin üzvləri təklif və müraciətlərini dilə gətiriblər.
Nazir deyib ki, Mədəniyyət Nazirliyi tərəfindən teatr sahəsində də islahatların aparılması prioritet istiqamətlərdən biridir.
Sonda kollektivin bir sıra üzvlərinin sualları cavablandırılıb.
..
06.11.2024 09:15
AZƏRBAYCANDA İLK DƏFƏ "NƏSİMİ" OPERASI TƏQDİM OLUNACAQAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında ilk dəfə “Nəsimi“ operası tamaşaya qoyulacaq. Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dərin fəlsəfəsini, azad ruhunu və humanist dəyərlərini canlandıran bu opera tamaşaçılara onun mənəvi dünyasına səyahət imkanı yaradacaq.
Musiqisi Xalq artisti, professor Siyavuş Kərimiyə, librettosu akademik Rafael Hüseynova məxsus olan opera Azərbaycan mədəniyyətinə yeni bir nəfəs gətirərək, Nəsimi irsini gələcək nəsillərə və dünyaya çatdırmaq məqsədini daşıyır.
20 noyabr saat 19:00-da Heydər Əliyev Sarayında baş tutacaq premyera tamaşasında İmadəddin Nəsimi obrazını Əməkdar artist Ramil Qasımov canlandıracaq. Həmçinin Xalq artistləri Teyyub Aslanov (Fəzlullah Nəimi), Nurəddin Mehdixanlı (Salnaməçi), Əməkdar artistlər İlkin Əhmədov (Əbdülqadir Marağayi), Anton Ferştandt (Əmir Teymurun vəziri), Cahangir Qurbanov (Məlikşüarə), solistlər Fatimə Cəfərzadə (Sənəm), Kamilə Nəbiyeva (Fatimə), Səma Həmzəyeva (Nəsiminin anası), Mahir Tağızadə (Əmir Teymur), Taleh Yahyayev (Zahid), Fəhmin Əhmədli (Əmir Teymurun vəkili), Xəyal Hüseynov (Dərviş), Ruslan Persan (Birinci keşikçi), Rza Xosrovzadə (İkinci keşikçi), Fuad Əzizzadə (Zindan açarçısı), Elmir Rüstəmov (Qazi) və başqaları çıxış edəcəklər.
Tamaşanın musiqi rəhbəri və quruluşçu dirijoru - Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar artist İnarə Babayeva, quruluşçu xoreoqrafı Əməkdar artist Yuriy Lobaçev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssam Əməkdar artist Ramil Qasımov, işıq üzrə rəssam Rafael Həsənovdur.
Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Xoru, balet truppası ilə yanaşı tamaşada Xalq artisti Natiq Şirinovun rəhbərliyi altında “Natiq ritm“ qrupu, Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artist Elnur Əhmədov (kamança) və Əmrah Orucov (ud) birgə çıxış edəcəklər.
Şübhəsiz ki, “Nəsimi“ operası Azərbaycan milli opera sənəti tarixində parlaq hadisələrdən biri kimi önəmli yer tutacaqdır.
..
05.11.2024 16:07
Mədəniyyət naziri Adil Kərimli Abşeronda vətəndaşları qəbul edəcəkMərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2024-cü il noyabrın 29-da saat 10:00-da Abşeron rayon Heydər Əliyev Mərkəzində (ünvan: Xırdalan şəhəri, Qalubiyyə küçəsi) Abşeron, Sumqayıt, Xızı, Qubadlı rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.
Vətəndaşlar 2024-cü il noyabrın 23-dək nazirliyin absheron-khizi@culture.gov.az elektron poçt ünvanı, (018) 644-46-04 (daxili 308) telefon nömrəsi vasitəsi ilə müraciət etməklə qəbula yazıla bilərlər.
..
05.11.2024 15:53
COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan mədəniyyət məzmunlu tədbirlər barədə Braziliyada təqdimat həyata keçirilmişdir2024-cü il noyabrın 4-5-də Braziliyanın Salvador şəhərində G20 çərçivəsində “Mədəniyyət və İqlim dəyişikliyi” mövzusunda beynəlxalq seminar keçirilmişdir. Sözügedən seminarda “COP: Mədəniyyət iqlim dəyişmələrinin mərkəzində” adlı panel sessiyada Mədəniyyət Nazirliyinin əməkdaşı Ceyran Cəfərova tərəfindən iştirak təmin olunmuşdur. Braziliyanın mədəniyyət nazirinin müşaviri tərəfindən moderasiya olunan sessiyada Azərbaycan Mədəniyyət Nazirliyi ilə yanaşı COP28 Sədrliyindən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mədəniyyət Nazirliyi, eyni zamanda COP30 Sədrliyi qismində Braziliya Federativ Respublikasının Mədəniyyət Nazirlikləri təmsil olundular.
İlk növbədə BƏƏ tərəfi COP28 zamanı həyata keçirilən 1-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu barədə məlumat verərək mədəniyyətin iqlim fəaliyyətindəki roluna həsr olunan tədbirlərin həyata keçirilməsi zamanı üzləşdikləri çətinliklər barədə danışdı. Sonda isə COP29 zamanı bu tədbirlərin keçirilməsi üçün göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürlərini bildirdi.
İnteraktiv keçən panel sessiyada Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən həyata keçiriləcək 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu, eyni zamanda COP29 çərçivəsində təqdimatının baş tutacağı “Culture for Climate” (C4C) təşəbbüsü barədə tədbir iştirakçılarına ətraflı məlumat verildi.
Ardınca Azərbaycanın mədəniyyətin iqlim gündəliyinə daxil edilməsi istiqamətində gördüyü digər işlər, 2024-cü ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, həmçinin 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Formunda 2 sessiyanın məhz iqlim və mədəniyyətə həsr olunması barədə məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
Braziliya Mədəniyyət Nazirliyinin nümayəndəsi isə hər iki təqdimatçıya detallı məlumatlara görə təşəkkürünü bildirərək COP30 zamanı həyata keçiriləcək Yüksək Səviyyəli Nazirlər Dialoq üçün ilkin hazırlıq işlərinin artıq başladığını, eyni zamanda Azərbaycanda keçiriləcək tədbirlərin nəticələrini gözlədiklərini bildirdilər. Sonda Braziliya tərəfi də öz növbəsində Azərbaycana təşəbbüsü dəstəklədiyi üçün minnətdarlığını bildirdi.
..
05.11.2024 12:38
Musiqi və incəsənət məktəblərində tədris proqramları yenilənibMədəniyyət Nazirliyi tərəfindən musiqi və incəsənət məktəblərində tədris olunan fortepiano, tar və violin ixtisaslarının tədris proqramı yenilənib. Bu yenilənmə müasir təhsil standartlarına uyğunlaşdırılaraq, şagirdlərin tədbiqi və nəzəri biliklərinin daha səmərəli şəkildə artırılmasını təmin etməyi hədəfləyir. Bu proqramlarda əsas yeniliklərdən biri Azərbaycan bəstəkarlarının əsərlərinə xüsusi yer ayrılaraq, onların əsərlərinin öyrənilməsinə üstünlük verilməsidir.
Yeni proqram çərçivəsində musiqi ifaçılığı, texnika və yaradıcılıq bacarıqları daha geniş və əhatəli şəkildə tədris ediləcək. Fortepiano, tar və violin siniflərində tətbiq olunacaq bu metodika, gənc istedadların potensialını daha da inkişaf etdirməyə, onları peşəkar musiqi təhsili ilə təmin etməyə istiqamətlənmişdir.
Yaxın gələcəkdə digər ixtisas siniflərinin də tədris proqramlarının yenilənməsi nəzərdə tutulur.
Linkə (Tar, violin, fortepiano ) daxil olaraq, yenilənmiş tədris proqramlarını yükləyib ətraflı tanış ola bilərsiniz.
..
05.11.2024 09:41
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən Təcrübə Proqramının test mərhələsi baş tutub. Test mərhələsi 4 noyabr 2024-cü il tarixində Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilib. İştirakçılar ümumi dünya görüşü, qanunvericilik və məntiqi təfəkkür üzrə hazırlanan test blokları əsasında sualları cavablandırıblar.
Qeyd edək ki, proqramda iştirak üçün elektron ərizə qəbuluna 500-ə yaxın müraciət daxil olub. Ərizələrin ilkin qiymətləndirilməsindən sonra, onların arasından 168 iştirakçı test mərhələsinə vəsiqə qazanıb. Test mərhələsini uğurla tamamlayan gənclər növbəti mərhələdə idarəetmə potensialının qiymətləndirilməsi mərhələsinə qatılacaq və daha sonra müsahibə mərhələsinə dəvət olunacaqlar.
..